Bildiymiz kimi Azərbaycan Tarixi Muzeyi mədəniyyət və tariximizin qorunduğu bir məkandır. Bu məkanda qorunub saxlanılan eksponatların yaşı çox qədimə gedir. Hər bir eksponat özündə tarixi, mədəniyyəti yaşadır. Hal-hazırda 100000-dən çox sikkənin qorunduğu zəngin numizmatik kolleksiyaya malik AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Qarabağ və ona yaxın ərazilərdə aşkarlanmış antik dövrə aid sikkələr xüsusilə maraq dairəsində insanları özünə cəlb edir. Onu da bildirim ki, zəngin irsə malik olan Azərbaycan ərazisində tapılan sikkələrin müntəzəm şəkildə araşdırılmasına və öyrənilməsinə 1920-ci ildə Azərbaycan SSR Dövlət Muzeyinin tərkibində Numizmatika fondunun yaradılmasından sonra başlanılıb. Muzeyin Numizmatika fondunun yaradıcısı, t.e.d. professor Yevgeni Paxomov (1880-1965) fəaliyyətilə bağlıdır. Geniş elmi maraq sahibi olan bu alimin Azərbaycan ərazisində aşkara çıxarılan təsadüfi sikkə tapıntılarının qeydə alınması, toplanması, tədqiq və nəşr olunması sahəsində göstərdiyi səy və əldə etdiyi elmi nailiyyətlər böyük əhəmiyyət kəsb edir. Alim 1925-ci ildə Bərdə rayonunda, Tərtərçayın sol tərəfində, İmamzadə məscidindən bir neçə metr qərbdə torpaq işləri zamanı gümüş sikkələrin tapıldığını qeyd etmişdi. Numizmat alimin təyinatına əsasən, bu gümüş sikkələr (tetradrahmalar) antik dövrdə Albaniya zərbxanalarında (Qəbələ, Şamaxı və s.) istehsal edilmişdir. Bu da onu göstərir ki, fond sikkələrinin əsas hissəsini Azərbaycan Respublikası ərazisində tapılmış və zərb edilmiş sikkələr təşkil edir. Bunların sırasında Azərbaycanın feodaldövlətləri – Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Azərbaycanatabəyləri, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Azərbaycan xanlıqlarına aid sikkələr xüsusi önəm daşıyır. Fondda həmçinin antik və Şərq sikkələrindən ibarət kolleksiyalar, qədim Yunanıstan şəhərlərinin, Roma, Bizans imperiyalarının, ellinist dövlətlərin (Selevkiya, Parfiya, Baktriya), Sasanilər, Ərəb Xilafəti, Səlcuqlar, Elxanilər, Cuçilər, Osmanlılar, Əfşarlar, Qacarlar, Baburilər və b. dövründə zərb olunmuş və Azərbaycan ərazisində tapılan, eləcə də, demək olar ki, bütün dünya ölkələrini (Qərbi Avropa, Rusiya, Hindistan, Çin və b.) təmsil edən kolleksiyalar mövcuddur. Yevgeni Paxomovun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan coxlu sayda ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilmiş, qeydə alınmış, sayı artırılmış, tədqiq və nəşr olunmuşdur. Arxoloj tətqiqatlar nəticəsində Y.A.Paxomovun fikirincə Albaniya ərazisində pul dövriyyəsi e.ə. III əsrin əvvəllərində meydana çıxmışdır. Burada dövr edən pullar Makedoniyalı İskəndərin adından Suriya, Mesopotamiya və Kiçik Asiyada zərb edilmiş gümüş draxma və tetradraxmalar olmuşdur. E.ə. III əsrin sonu – II əsrin əvvəllərində Albaniyada pul-əmtəə münasibətlərinin inkişafı ilə əlaqədar olaraq sikkələrə tələbat artdığından yerli zərbxanalar fəaliyyətə başlamışdır. Yerli zərbxanalarda Makedoniyalı İskəndərin sikkələrinə oxşar gümüş sikkələr zərb edilmişdir. Bu sikkələr bədii baxımdan zəif tərtib edilmiş, sikkənin üzərində Makedoniyalı İskəndərin portreti, arxa tərəfində isə Zevsin kobud təsviri verilmişdir.Makedoniyalı İsgəndərin sikkələrinə təqlidən zərb edilmiş Albaniyanın gümüş tetradrahmalarının çəkisi 13 – 16 qram olmuşdur. Eyni zamanda Qarabağ ərazisində tapılmış Albaniya sikkələrinin üst tərəfində sağa yönəlmiş antik dövrün əfsanəvi qəhrəmanı Heraklın başı, arxa tərəfində isə sola istiqamətlənmiş, sağ əlində hakimiyyət rəmzi – əsa, sol əlində isə quş (qartal) tutmuş mifoloji tanrı – Zevs (oturaq vəziyyətdə) həkk edilmişdir. E.ə. II əsrin əvvəllərindən etibarən Albaniyada zərb edilən gümüş drahmalar (2-3 qr) və tetradrahmalar (13-16 qr) əsasən anepiqrafik (yazısız) olsa da, belə sikkələrin tipoloji təyinatı və tapılma məkanları bu tapıntıları əminliklə yerli istehsala aid etməyə əsas verir. Məhz bu gümüş sikkələr böyük fatehin Şərq yürüşündən sonra bütün işğal olunmuş ölkələrdə olduğu kimi, antik Azərbaycan ərazilərində zərb edilmiş və bir əsrə yaxın müddətdə tədavüldə olmuşdur. Maral Vəliyeva,Şəmkir rayonu Koltəhnəli kənd tam orta məktəbinCoğrafiya müəllimi